Tarix : 12-01-2019, 17:18 | Bölmə: bolge, idman

"Qəbələ"nin baş məşqçisi: "Komandamızda rəqabət yaranmalıdır" - MÜSAHİBƏBakı. 12 yanvar.Serqtv.info/Şərqtv "Reporta" istinadən xəbər verir ki, "Qaradağ Lökbatan"ı yoxlama oyununda 2:0 hesabı ilə məğlub edən "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun oyundan sonra "Report"a müsahibəsi

- Yoxlama oyununda qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Altı günlük məşq prosesindən sonra yoxlama oyunu keçirməyi planlaşdırdıq. Təlim məşq toplanışına yaxşı əhval-ruhiyyədə başlamışıq. Düşünürəm ki, yaxşı oyun alındı. Rəqib də bizə yaxşı müqavimət göstərdi. Çalışdıq bu qarşılaşmada iki heyətlə oynayaq. Futbolçuların oyunundan razı qaldım.

- Oyunun ilk hissəsində Ceyms Adeniyi xəsarət aldı. Zədəsi ciddidirmi?

- Adeniyinin ayağı burxuldu, biz isə risk eləmədik və onu əvəzlədik. Elə bir ciddi problemi yoxdur.

- Anar Nəzirovun bu gün oynamamasında səbəb nədir?

- Anar üçün əlavə məşq planlaşdırmışdıq, çünki o, zədədən qayıdıb. Ona görə də bu gün risk etmədik. Məşqlərini bərpa etdi. Antalyadakı oyunlarda şans qazanacaq.

- Yeni transferiniz Davit Volkovi də bu gün meydanda yox idi...

- O, istirahətdən qayıdandan sonra fərdi çalışsa da, komanda ilə məşq etməyib. Ona görə də bu gün onu meydana buraxmadıq. İki gündür ki, fərdi şəkildə məşq edir.

- Hücumçu mövqeyində kifayət qədər oyunçunuz var. Bəzi söz-söhbətlər var ki, sizin hücumçulara təkliflər var. Volkovun transferi söz-söhbətlərin həqiqət olduğunu əsas gətirirmi?

- Əvvəlcədən də heyətimizə hücumçu cəlb etməyi planlaşdırırdıq. Klubumuza da hər hansı bir rəsmi təklif olmayıb. Komandada olan oyunçuların müqavilələri var. Hazırda onlarla davam etmək istəyirik.

- Hücumçu transferi komandaya nə dərəcədə vacib idi?

- İstədiyimiz oyunçulara baxırıq. Komandamızda rəqabət yaranmalıdır. Hücumçularımızın sayı o qədər də çox deyil. Ön xətdəki oyunçular arasında da rəqabətin olmasını istəyirik. Düşünürəm ki, sağlam rəqabət olacaq. Kim özünü məşqlərdə daha yaxşı göstərəcəksə, o da meydanda şans qazanacaq.

- Təmkin Xəlilzadənin mövqeyinə kimi transfer etmək istəyirsiniz?

- Komandada olan oyunçuların bəzilərini istəyirik ki, sol cinahda yoxlayaq. Bizdə həmin mövqedə çıxış edə bilən oyunçu var. Əgər bəyənsək, ola bilər ki, həmin mövqeyə də yeni futbolçu alaq.

- Transfer çalışmalarınız davam edirmi?

- Bəli. Baxırıq. Transfer xətrinə oyunçu almaq istəmirik. Bizə sərf eləyən və büdcəmizə uyğun futbolçu olarsa, komandamıza götürə bilərik.

- Antalya toplanışından nə gözləyirsiniz?

- Sevindirici haldır ki, futbolçular məsuliyyəti dərk edirlər. Hazırlıq prosesinin ilk mərhələsində bu öz təsdiqini tapdı. Biz daim irəli getməliyik. Hər bir məşq, oyun bizim inkişafımız deməkdir. İki həftəlik Antalya toplanışından maksimum yararlanmaq istəyirik ki, daha da irəli addım ataq.
Oxşar xəbərlər