Tarix : 21-04-2018, 10:38 | Bölmə: gundem, iqtisadiyyat

“Qanpulu” veriləcək şəhid və itkin ailələrinin sayı niyə azdır? - Komitə sədri AYDINLIQ GƏTİRDİ  ŞərqTV xəbər verir ki,Prezident İlham Əliyev bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Fərmana görə, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə veriləcək.


Prezident İlham Əliyevin şəhid olmuş və itkin düşmüş şəxslərlə bağlı fərmanı 8800 nəfərə şamil ediləcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib. Nazirin sözlərinə görə, bazalarda müxtəlif kateqoriyadan olan 12 737 nəfər şəhid ailəsi var. Məlum olub ki, hərbi qulluqçu kimi şəhid olanların sayı 8714 nəfərdir.

“7605 nəfəri 1997-ci ilin 2 avqust ayına kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci ilin 2 avqustundan sonra da vəfat edən şəxslər var ki, hansı ki döyüşlər zamanı yaralanıb və s. İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür".


Buna baxmayaraq sosial şəbəkələrdə fərmana daxil edilən şəhid ailələrinin sayının az olduğu bildirilir. Qeyd edilir ki, hələ 1997-ci ilə qədər Qarabağ müharibəsində şəhid olanların, itkin düşən sayı 30 mindən çoxdur. Belə olduğu halda şəhid ailələrinin də sayı çox olmalı idi. 8800 ailədın söhbət gedirsə, bəs yerdə qalanların aqibəti necə olacaq?


Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına açıqlama verib. O bildirib ki, 1997-ci ildən bu yana şəhid ailələrinin bəziləri “qanpulu” alıb:


“1991-1997-ci illərdə “qanpulu” almayan şəhid ailələri olub. Əlbəttə, onların sayı çoxdur. Lakin hazırda şəhid ailələrinin sayı 12-13 min arasındadır və bu, müzakirə mövzusu deyil”.


Deputat qeyd edib ki, 1991-1997-ci illərdə məhkəmə qərarı ilə “qanpulu” alan şəhid ailələri də olub:


“Həmin vaxtlar “qanpulu” üçün bir müddət müraciət edə bilməyənlər onu ala bilmirdi. İndi isə “qanpulu” ala bilməyənlər hamısı alacaq. İndiyə kimi “qanpulu” alanların statistikası da mövcuddur”.


Təxmini hesablamalarla fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq.
Oxşar xəbərlər