Tarix : 31-07-2019, 15:23 | Bölmə: gundem, idman

Azərbaycanın savat döyüş növü üzrə 4 idmançısı dünya birinciliyində medal qazanıblar...Macarıstanın paytaxtı Budapeştdə keçirilən savat (Fransız boksu) döyüş növünün ASSO versiyası üzrə dünya birinciliyinə yekun vurulub.
“Şərqtv” xəbər verir ki, ölkəmizi yarışda Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyevin rəhbərliyi altında 4 idmançı təmsil edib. Azərbaycan yığması bu cür mötəbər yarışa ilk dəfə qatılmasına baxmayaraq, idmançıların hamısı fəxri kürsüyə qalxmağı bacarıblar. Aydın Sayadlı gümüş, Ayman Mahalov və Səid İbrahimov isə bürünc əldə edib. Xəyal Astanov da dünya üçüncüsü olmaq sevinci yaşayıb.
Federasiya prezidenti R.Əliyev komandanın çıxışını tarixi uğur kimi qiymətlənirib: "Bildiyiniz kimi Fransa boksu brendini qorumaq üçün tapşırığa əsasən yalnız tam dəqiq zərbələrə xal verilir. Biz isə ilk dəfə qatılmağımıza baxmayaraq, idmançılarımız Azərbaycanı yüksək səviyyədə təmsil etdilər. Təsəvvür edin, 25 ildir bu yarışlara qatılan İran komandası cəmi bir bürünc medal qazandı. Biz isə əsasən idmançılarımızın təcrübə qazanmasını hədəflədiyimiz halda 4 medal əldə etdik. Fransızların milli idman növü olduğundan onların birinciliyi isə yenə də kimisə təəccübləndirmədi. Azərbaycanın adını ucaltdığımıza görə hədsiz qürur duyuruq".
Qeyd edək ki, dünya birinciliyində 25 ölkədən 400 yaxın idmançı qüvvəsini sınayıb. Savat döyüş növü Yay Olimpiya Oyunlarının proqramına daxil edilmək üçün namizəddir. 1924-cü ildə Fransada baş tutan Yay Olimpiya Oyunlarında savat üzrə yarışlar keçirilib. 2024-cü il Yay Olimpiya Oyunları Parisdə olacağından və fransızlar ötən olimpiadanın 100 illiyini qeyd edəcəklərindən nümunəvi, 2028-ci il olimpiadasında isə savatın rəsmi şəkildə proqrama salınması müzakirə edirlər.
Oxşar xəbərlər