Tarix : 2-02-2019, 15:51 | Bölmə: hadise, Şərqin xəbəri

Bakıda beşqat dünya çempionu qaynatasını döydü...Keçmiş arvadı uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Şərqtv-in məlumatına görə, keçmiş qayınatası Bəhruz Dilbazini döyməkdə günahlandırılan Ehram Məcidov həm də “Neftçi” İdman Klubu kikboksinq bölməsinin rəhbəri, “Xocalı” İdman Klubunun prezidenti, Avropa kəmərinin sahibi, prezident mükafatçısıdır.

İttihama görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahndan bir övladı olub.

Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.

Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib.

İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası Bəhruz Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.

Məhkəmədə vəkili bildirib ki, Ehram Məcidovla qayınatası arasında baş verən insidentə birbaşa şahidlik etmiş şəxslər məhkəmənin baxış iclasında dindirilməlidir. Müdafiəçi qeyd edib ki, insident Binəqədi Rayon İcra Şöbəsində baş verib. Lakin insident baş verən zaman orada olan icra şöbəsinin əməkdaşı və mühafizə xidmətinin əməkdaşları əsas şahid olduqları halda dindirilməyiblər.

E.Məcidov ona qarşı irəli sürülən ittihamla razı olmadığını, işin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə baxışı fevralın 12-nə təyin edilib.

Ehram Məcidova qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər